Neftçalanın icra başçısı səyyar qəbul keçirib

01 6ad07cf50ddd5

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Bankə qəsəbəsinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Səyyar qəbul zamanı Bankə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və kənd ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.

Çıxış edən natiqlər “Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyət kəsb edən müstəqillik ideyası milli iradənin, azadlıq əzminin və suverenlik prinsipinin təcəssümüdür. 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə ölkəmizin dövlət müstəqilliyinin bərpası hüquqi cəhətdən təsbit olunub. Ötən dövr ərzində Azərbaycan Respublikası müstəqil dövlət kimi öz mövqeyini möhkəmləndirib, dövlət institutları inkişaf etdirilib, beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirilib. Dövlət suverenliyinin qorunması, milli maraqların təmin edilməsi və ölkənin davamlı inkişafı Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindəndir.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi xalqımızın əsrlər boyu yaşatdığı azadlıq idealarının, milli iradəsinin və tarixi mübarizəsinin təcəssümüdür. Ümummilli Lider Heydər Əliyevin səsləndirdiyi “Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir” fikri müasir Azərbaycan dövlətçiliyinin əsas ideoloji istiqamətlərindən birini ifadə edir. Ulu Öndərin siyasi fəaliyyəti ölkədə dövlət idarəçiliyinin möhkəmləndirilməsi, Konstitusiyanın qəbul edilməsi, milli maraqlara əsaslanan xarici siyasətin formalaşdırılması və müstəqil dövlətin institusional əsaslarının yaradılması ilə səciyyələnir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi rəhbərliyə qayıdışı Azərbaycanın müasir tarixində mühüm mərhələ olub. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyinin, suverenliyin və hüquqi dövlət quruculuğunun əsaslarını müəyyənləşdirib.

RİH-nin başçısı bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkənin iqtisadi potensialının gücləndirilməsi, infrastrukturun inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi və müdafiə qabiliyyətinin artırılması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildi. 20 sentyabr tarixinin Dövlət Suverenliyi Günü elan edilməsi ölkənin müasir tarixindəki əhəmiyyətli hadisələrdəndir. Bu gün Azərbaycanın müstəqilliyinin qorunması, suveren hüquqlarının təmin edilməsi, milli maraqlarının müdafiəsi və gələcək nəsillərə güclü dövlətin miras qoyulması dövlət siyasətinin əsas məsələləri sırasındadır.

Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi Azərbaycanın müasir inkişaf tarixində mühüm yer tutur. Prezident cənab İlham Əliyevin fəaliyyəti isə müstəqil dövlətin qarşısında duran çağırışlar və strateji hədəflər kontekstində qiymətləndirilir.

RİH-in başçısı Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb.

Neftçala RİH-in başçısı Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri, 2026–2030-cu illər üçün kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələrin Neftçala rayonunda icrası, kənd təsərrüfatının inkişafı və bu sahədə mövcud potensialdan səmərəli istifadə istiqamətində həyata keçirilən tədbirlər haqqında görüş iştirakçılarını məlumatlandırıb.

Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən məktəb ərazisinə yeni su xəttinin çəkilməsi, futbol meydançasının təmiri, qəsəbə ərazisindəki binanın təmirinə köməklik, qəsəbə daxili küçənin işıqlandırılması və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Səyyar qəbul zamanı vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.