Qazaxıstan və Azərbaycan yeni nəqliyyat-logistika marşrutu yaratmağı nəzərdə tutur. Azərbaycan və Qazaxıstan geniş iqtisadi potensiala malikdir. Hər iki ölkə Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edir. Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan sərmayəsi ilə inşa edilən “Aktau İstehsal və Logistika Mərkəzi” ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.
Həmçinin Qazax neftinin alternativ marşrutların əvəzinə, Azərbaycan vasitəsilə digər ölkələrə nəqli ilə bağlı da müzakirələr aparır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tamamlanması Qazaxıstan və Azərbaycanın Avropa və Asiyanın mühüm iqtisadi mərkəzlərinə çevrilməsinə kömək edəcək. Belə ki, bu dəmir yolu vasitəsilə Çindən Türkiyəyə məhsullar cəmi 12 günə çatdırıla bilir.
Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 330 milyon dollardan çox olub. 2022-ci ildə isə bu rəqəmin 500 milyon dollara çatdırılması nəzərdə tutulub.
Hər iki ölkənin kənd təsərrüfatı sahəsində də əməkdaşlığının inkişafı üçün geniş potensialı var. Xüsusilə ərzaq təhlükəsizliyi qlobal miqyasda ən önəmli məsələlərdən birinə çevrildiyi indiki dövrdə bu əməkdaşlığın inkişaf etdirilməsi çox vacibdir. Artıq bu sahədə tərəflərin ehtiyaclarının hesablanması üçün yeni araşdırmalar aparılır, ticarət missiyaları təşkil olunur.
Vətən müharibəsi dövründə isə Qazaxıstan dövləti, bütün qazax xalqı haqq-ədalətin yanında olub, ölkəmizin haqlı mübarizəsini dəstəkləyib.
Siyavuş Quliyev
Göygöl RİHB-nın Sarısu kənd İƏD üzrə nümayəndəsi

