“Əsrlərdən, keçmişimdən boylanan, bu günümə, gələcəyimə ruhlanan doğma dilim-Azərbaycan”

15331045401037824759 1000x669.jpg

Hər bir xalqın varlığını təsdiq edən əsas amil, əlbəttə ki, onun dilidir. Dövlətçiliyimizin, milli-mənəvi dəyərlərimizin qorunmasında böyük xidmətləri olan Ulu Öndər Heydər Əliyev ana dilimizin də hivz edilməsi və tərəqqisində əvəzsiz rol oynamışdır. O, demişdir: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti, hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”. Bəli, hər bir millətin dili onun irsinin, varlığının, qədim tarixinin, mənəviyyatının mühüm yaddaşıdır. Hər bir xalqın dili onun pasportu, hər bir millətin keçmişini, özünəməxsusluğunu, ən başlıcası isə onun gələcəyini təmin edən mühüm və ən vacib vasitələrdən biridir. O, elə bir vasitədir ki,bütövlükdə millətin dünyagörüşünü, mənəvi aləmini təmsil edir. Bəli, böyük şəxsiyyət Heydər Əliyev anlayırdı, bilirdi ki, dilimizi qorumasaq, ona sahib çıxmasaq, qədim tarixə malik Azərbaycan, dili və zəngin irsi ilə məhvə məhkumdur. Ona görə də, o böyük şəxsiyyət, dövrün qəddar və sinsi siyasətinə boyun əymədi, xalqların manqurtlaşmasına yönəlmiş şovinist sovet rejiminin əksinə gedərək, böyük uzaqgörənlik və incə siyasətlə, bu böyük missiyanı da öz üzərinə götürdü. Beləcə, doğma ana dilimizi, bütövlükdə isə Azərbaycanımızı, dünənimizi, tariximizi məhv olmaqdan qorudu, xalqın öz keçmişindən, öz kökündən qoparılmasının qarşısını aldı. Xalqımızın qədimliyini, vərəq-vərəq ötürdüyü min illəri öz taleyində əks etdirən, keçdiyi uzun tarixi özündə yaşadan Ana dilim… Əsrlərin sınağına, sivri döngələrinə, min illərin coşub-daşan sellərinə sinə gərən doğma dilim… Qərinələr atlatdıqca, üzləşdiyi böyük təlatümlərdən alnıaçıq, üzüağ çıxan, analarımızın şirin laylası ilə ruhumuzun qidalandığı saf, təmiz Vətən dilim… Sən bizim dünənimizdən bu günə yol alan müasirliyimiz, gələcəyə istiqamətlənən dövlətçiliyimizin baş tacı, suveren Azərbaycanımızın rəmzisən. Səni nə qədər vəsv etsək, səni nə qədər öysək də, yenə azdır. Çünki, sən bizim ruhumuz, kimliyimizə söykənən, tariximizin yaddaşısan. Şifahi xalq ədəbiyyatımızdan yazılı ədəbiyyatımıza qədər, eləcə də, incəsənətimizə nəzər salsaq, doğma, musiqi tək dilimzdə süzülən ana dilimizə nə qədər şeirlər, nə qədər sənət nümunələri həsr edilmişdir. Xalqımızın mübariz şairi Xəlil Rza Ulutürkün dili ilə desək:
Ana dilim..,
babaların nəfəsidir.
Dizlərimə taqət, qüvvət,
gözlərimə işıq verən,
Çənlibeldə at oynadıb
şimşəklərlə qoşa gedən
igidlərin nərəsidir.
Bu dildədir yüz abidə, min abidə,
Xilafəti parçalayan
Babəkimin qəzəbi də!

Ustad şairimiz Bəxtiyar Vahabzadə isə ana dilimizi belə vəsv etmişdir:
Ana dilim, səndədir xalqın əqli, hikməti,
Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.
Ürəklərə yol açan Füzulinin sənəti,
Ey dilim, qüdrətinlə dünyalara yol açmış.
Səndə mənim xalqımın qəhrəmanlıqla doluTarixi varaqlanır,
Səndə neçə min illik mənim mədəniyyətim,
Şan- şöhrətim saxlanır.
Mənim adım-sanımsan,
Namusum, vicdanımsan!

Sirr deyil ki, əsrlərlə, illərlə məhvə yönəldilmiş, xalqı öz tarixindən qopartmaq üçün dəfələrlə əlifbası dəyişdirilmiş dilimizin günümüzdəki inkişafı, yaşaması və gələcəyimizə yönəlməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki, məhz onun sayəsində, xalqların suverenliyinə qarşı olan sovet hakimiyyətinin cövlan etdiyi dövrlərdə, XX əsrin 60-cı illərinə qədər, öz doğma yurdumuzda Azərbaycan dili hakim dil olmamaqla yanaşı, təqib və təzyiqlərə məruz qalırdı. O dövrdə rus dili isə hakim, elit dil hesab edilərək, xaqların zorla beyinlərinə yeridilir, xalq dilinə yad olan həmin dilin hüquqları daha da genişləndirilərək “vahid dil” siyasəti təbliğ olunurdu. Bu əsasən SSRİ-nin tərkibində olan türk xalqlarına çox kobud və qəddarlıqla tətbiq olunurdu. Həmin dövrlərdə Azərbaycanda ana dilinə qarşı təzyiqlər artırılır və getdikcə daha çox sıxışdırılırdı. Belə bir şəraitdə doğma dilimizin nəinki inkişaf etdirilməsi, hətta yaşaması belə sual altında idi. Lakin, XX əsrin 70-ci illərində Azərbaycanın ictimai-siyasi həyatında çox böyük dəyişikliklər baş verdi. Belə ki, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə o dövr üçün hədsiz riskə malik ana dili məsələsi gündəmə gətirildi. Bəli, xalqın böyük oğlu Heydər Əliyev, dövrün qabaqcıl ziyalıları ilə birlikdə böyük cəsarətlə ana dilimizin qorunması üçün çalışdı, bu çətin işin öhdəsindən gəldi, bütün gücünü, nüfuzunu səfərbər edərək, Azərbaycan dilinin dövlət dili statusu almasını təmin etdi. Beləcə, 1978-ci ildə Azərbaycan SSR Ali Sovetinin VII sessiyasında Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Konstitusiya layihəsinin 73-cü maddəsinə: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” məsələsi qoyuldu. Və bu vacib məsələ Azərbaycan SSR Konstitusiyasında öz əksini taparaq, dövlət dili statusunu aldı. Əlbəttə ki, ana dilinin qorunması istiqamətindəki işlər bununla bitmədi. Dilimizin zənginləşməsi və inkişaf etdirilməsi məqsədilə ana dilimizdə böyük tirajlarla kitablar nəşr edilərək, təbliğ olundu. Məktəblərdə dilimiz öz saflığı ilə tədris olunaraq, ali mərtəbəyə yüksəldildi, dövlət sənədləri isə öz dilimizdə də tətbiq olunmağa başladı. Bu iş, əlbəttə ki, dövrün qanunlarına uyğun olaraq, zaman-zaman həyata keçirildi, incə siyasətlə tətbiq olunaraq, mühüm və əhəmiyyətli dövlət siyasətinə çevrildi. Ana dilimizin inkişafı ilə bağlı mühüm məsələlər əlbəttə ki, Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra daha yüksək şəkildə öz həllini tapdı. Dilimizin qorunması, inkişafı və zənginləşməsi dövlət siyasətinin əsas və başlıca məsələlərindən biri kimi davamlı olaraq həyata keçirilməyə istiqamətləndi. Belə ki,1995-ci ildə Konstitusiyamızın 21-ci maddəsində referendumla qəbul olunmuş dövlət dilimizin Azərbaycan dili olmasının öz əksini tapması, 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman, 2001-ci ildə “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” və Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan digər Fərman və Sərəncamlar, həmçinin 2002-ci ildə Azərbaycan dilinin tətbiqi, qorunması, inkişafı və ana dilinin dövlət dili kimi hüquqi statusunun təsbit olunması məqsədilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapmasında böyük rol oynadı. Hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən Ulu Öndər ideyaları, eləcə də ana dilimizin qorunması və inkişafı sahəsindəki ənənələr inkişaf etdirilərək, Azərbaycanın işıqlı sabahına öz töhfələrini bəxş etməkdədir. Bəli bu çox vacib məsələdir ki, milli sərvətimiz olan ana dilimiz qorunmasa, inkişaf etdirilməsə, milli-mənəvi dəyərlərimizdən, azərbaycançılıq və vətənpərvərlik ideyalarından danışmağa dəyməz. Bu baxımdan ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcu, ən ümdə vəzifəsidir. Bəli, Ulu Öndər dövrün çətinliklərinə baxmayaraq ana dilimizi qoruyaraq, onun gələcək müqəddəratını etibarlı əllərə əmanət etdi. Ölkəni uğurla idarə edən möhtərəm Prezidentimiz İlham Əliyev də bu istiqamətdə yüksək nəticələr əldə edərək, hər zaman Ulu Öndərin “Dil xalqın böyük sərvətidir” fikirlərinə müqəddəs bir şüar kimi əsaslandı. Ana dilimizin zənginləşməsi və inkişafına yönəlmiş mühüm dövlət siyasəti həyata keçirərək, uğurla davam etdirdi. Bəli, Ulu Öndər Heydər Əliyevin də qeyd etdiyi kimi “ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi də mümkün deyildir”. Bu baxımdan hazırda, Möhtərəm ölkə başçısının imzaladığı mühüm Fərman və Sərəncamlardan irəli gələrək, Azərbaycanda dil və dilçilik sahəsində önəmli işlər görülür. Bu sahəyə xüsusi diqqət və qayğı göstərilir, klassik yazarlarımız müntəzəm çap olunur, dil mədəniyyətimizin zənginləşməsi üçün mühüm işlər görülür. Xalqın milli ruhunun yüksəlməsinə xidmət edən bu işlər, əlbəttə ki, suveren dövlətimizin, müstəqil siyasətinin nəticələridir. Müzəffər ölkə başçısının da dediyi kimi, “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.

Nəzakət Məmmədova;
Neftçala rayon sakini, ictimai fəal, yazar