“Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir” – AÇIQLAMA

Fetchub c33709d92836bed8edb424dfecb8a5781a7e40be39d137e9037bc81e84e1db66

Azərbaycanda sonuncu dəfə dövlətə məxsus bankların satılması, başqa sözlə özəlləşdirilməsi 2008-ci ildə baş verib – həmin il 2 bank özəl sektorun nəzarətinə keçib. Bunlardan biri “Kapital Bank” ASC-dir.

Bunu iqtisadçı ekspert Namiq Hüseynov deyib.

O qeyd edib ki, “Kapital Bank” ASC 2000-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə ölkənin üç böyük dövlət bankının — Əmanət Bankı, Aqrar-Sənaye Bankı və Sənaye-İnvestisiya Bankının birləşdirilməsi ilə “BUS Bank” (Birləşmiş Universal Səhmdar Bankı) kimi yaradılıb, 2004-cü ildə rebrendinq edib:

“Digər bank isə “Premium Bank” ASC-dir. Bu bank 1993-cü ildə “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “AZAL Bank” kimi yaradılıb, özəlləşdirildikdən sonra adını “Bank Silk Vey”ə dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib.”

Ekspert bildirib ki, son 18 ildə dövlətə məxsus “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) özəlləşdirilməsi gündəmə gəlsə də, bu, baş verməyib:

“2015-ci ildə hökumət manatın ikili devalvasiyası fonunda ölkənin ən böyük bankını “başından eləmək” istəsə də, sonradan bu, məqsədəuyğun hesab edilməyib. Bundan 1 il əvvəl isə – 2014-cü ildə hökumət özəl sektora məxsus olan və Azərbaycan Mərkəzi Bankının 50 milyon manatlıq məcmu kapital tələbin yerinə yetirə bilməyən “Azər-Türk Bank” ASC-ni (ATB) nəzarətinə keçirib. Maliyyə Nazirliyinin bankda 75% pay əldə etməsi ilə dövlət banklarının sayı 2-yə çatıb. Hazırda ABB və ATB ilə yanaşı dövlət daha iki özəl bankda simvolik paya malikdir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin alt qurumları 1989-cu ildə “Azərnəqliyyatbank” kimi yaradılmış və 2010-cu ildə rebrendinq etmiş “Express Bank” ASC-nin, eləcə 1993-cü ildən fəaliyyət göstərən “Rabitəbank” ASC-nin minoritar səhmdarlarıdır.”

Plat.az